Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüş keçirilib
Bakı, 18 iyul, AZƏRTAC
Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə növbəti görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Rəşad Abdullayevin həyat yoldaşı Gülnar Abdullayeva, şəhid Babək Allahverdiyevin həyat yoldaşı Aygün Allahverdiyeva, şəhid Ruslan İsmayılovun həyat yoldaşı Saniyə Əliyeva, müharibə iştirakçıları, o cümlədən şəhidlərimizin bizə əmanət qalan övladları iştirak ediblər.
Rayon icra hakimiyyətinin Abdin Fərzəliyev Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbədən söz açaraq bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi, ordumuzun şücaəti və şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən tapdağından azad olunan Qarabağımıza yenidən həyat qayıdıb. Qeyd edilib ki, bu gün beynəlxalq aləmdə cərəyan edən prosesləri izlədikdə Azərbaycanın nə qədər böyük qələbə qazandığını, regionun simasını və siyasi gündəmini dəyişdiyinin bir daha şahidi olursan.
Ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələri və müharibə iştirakçılarına böyük diqqət göstərildiyini vurğulayan RİH başçısı şəhid ailələrinin qayğıları ilə maraqlanıb.
Öz növbəsində şəhid ailələri də dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını, həyatlarının hər bir məqamında dövlətimizi öz yanlarında hiss etdiklərini, ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da yaşayan şəhid ailələrinə mənzillərin verildiyini, sosial rifahın yüksəldilməsi istiqamətində lazımi tədbirlərin görüldüyünü qeyd edərək, bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhid ailələri və müharibə iştirakçıları işlə təmin olunmada, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində və digər sahələrdə köməklik göstərilməsini xahiş ediblər. Görüşdə qaldırılan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlər barəsində isə lazımi göstərişlər verilib.
Görüşdə Vətən müharibəsi şəhidi Sahib Musayevin övladı Ülvi Musazadənin doğum günü də qeyd olunub, xatirə şəkili çəkilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən müharibəsi şəhidi Vidadi Zalovun anadan olmasının 40 illiyi münasibətilə onun ailə üzvləri ilə birgə şəhidin məzarını da ziyarət edib. Şəhidimizin keçdiyi döyüş yolundan söz açılıb, göstərdiyi qəhrəmanlıqlardan danışılıb. RİH başçısı şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, dövlətimizin daima onların yanında olduğunu bir daha diqqətə çatdırıb.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova isə şəhid Ülvi Rəhimovun anadan olmasının 23 illiyi münasibətilə onun ailə üzvləri ilə görüşüb, şəhidimizin məzarını ziyarət edərək, əziz xatirəsini anıblar.