Abşeronda COVID-19 əleyhinə genişmiqyaslı maarifləndirmə işləri aparılır
Xırdalan, 17 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilir. Koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı rayon icra hakimiyyətində yaradılan komissiya tərəfindən mütəmadi olaraq maarifləndirmə, təbliğat işləri aparılır.
AZƏRTAC xəbər verir ki, belə maarifləndirici görüşlərin keçirilməsi öz müsbət nəticəsini artıq göstərir. Görüşlər zamanı komissiyanın üzvləri və həkimlər çıxış edərək, vaksinasiya və xəstəliklə bağlı sakinləri maraqlandıran məsələlər barədə danışır, onları maraqlandıran sualları cavablandırırlar.
Yerlərdə yoluxma sayının artmasının qarşısını almaq məqsədi ilə keçirilən görüşlər zamanı iştirak edən əhalinin sayından asılı olmayaraq ciddi şəkildə karantin qaydalarına riayət olunur, sosial məsafənin gözlənilməsinə və tibbi maskadan istifadəyə ciddi nəzarət edilir.