Abşeronda şəhidlərin xatirəsinə həsr olunan futbol turnirinin qalibi müəyyənləşib
Xırdalan, 17 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeronda şəhidlərin xatirəsinə həsr edilən futbol turnirinin qalibi müəyyən olub. Yarış Abşeron Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin və Qobu bələdiyyəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, turnirdə rayonun Qobu qəsəbəsinin sakinlərindən ibarət futbol komandaları iştirak edib. Qəsəbədəkı futbol meydançasında keçirilən yarışın final görüşündə rayon icra hakimiyyətinin, həmçinin Gənclər və İdman İdarəsinin nümayəndələri, şəhid ailələri və qəsəbənin idmansevərləri azarkeşlik ediblər.
Final matçından əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub. Sonra himnizin sədaları altında üçrəngli müqəddəs bayrağımız qaldırılıb.
Turnirdə Qobu qəsəbəsini təmsil edən 5 komandadan finala “Gənclər” və “Təzəkənd” çıxıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Gənclər” komandası 3-1 hesabı ilə qalib gəlib.
Qalib komandaya kubok, medal və diplomlar təqdim edilib.