“ABSURDİSTAN” KİNOQROTESKİNƏ İCTİMAİ BAXIŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 10-da “Azərbaycan” kinoteatrında tanınmış alman rejissoru, yazıçısı və prodüseri Fayt Helmerin “Absurdistan” filminə ictimai baxış keçirilmişdir.
F.Helmer brifinqdə bildirmişdir ki, “Bakcell” şirkətinin dəstəyi ilə çəkilmiş filmin yaranma tarixi 7 il əvvəl oxunmuş bir məqalə ilə əlaqədardır. Məqalədə deyilirdi ki, Türkiyənin ucqar əyalətlərindən birində qadınlar kəndə su çəkmək istəməyən tənbəl ərlərinə sərt ultimatum verirlər: su olmasa, sevgi də olmayacaq. Filmin ssenarisi hazır olandan sonra F.Helmer çəkiliş meydançası axtarmağa başlayır. 2006-cı ildə o, 60 nəfərlik bir qrupla Azərbaycana gəlir. Nəticədə filmin çəkilişi üçün qədim Lahıc seçilir.
F.Helmer deyir: “Absurdistan konkret dövlət deyildir. Bu, demək olar ki, dünyanın qurtaracağıdır. Mənim təxəyyülümün, fəlsəfəmin yaratdığı bir dünyadır”.
Onun sözlərinə görə, çəkiliş qrupuna 16-dan çox ölkənin nümayəndəsi daxil idi. Filmdə Azərbaycan aktyorlarından Nurəddin Quliyev, Kazım Abdullayev, Ədalət Ziyadxanov, Elxan Quliyev, Hicran Nəsirova, Firəngiz Babayeva, Mətanət Atakişiyeva, Rafiq Əzimov, Yelena Spitsina və başqaları çəkilmişlər.
“Absurdistan”ın ümumdünya premyerası Sundan kinofestivalında, Avropa premyerası isə Moskva beynəlxalq kinofestivalında olmuşdur. Film ən yaxşı quruluş dizaynına görə Bavariya Dövlət Filminin mükafatına və “Alman kinosu” kinomükafatına layiq görülmüşdür.
Fayt Helmer və çəkiliş qrupu təqdimat mərasimindən sonra Bakıda (iyulun 11-də), Lahıcda (iyulun 12-də), Şəkidə (iyulun 13-də), Mingəçevirdə (iyulun 14-də), Gəncədə (iyulun 15-də), Lənkəranda (iyulun 16-da) görüşlər keçirəcəklər.