ADAU-da akademik Məmmədtağı Cəfərovun 75 illik yubileyi qeyd olunmuşdur
Bakı, 16 iyul (AZƏRTAC). Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aqrar elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alim, tanınmış ictimai-siyasi xadim, akademik Məmmədtağı Cəfərovun anadan olmasının 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
Əvvəlcə universitetin professor-müəllim heyəti akademikin məzarını ziyarət etmiş, üzərinə tər çiçək dəstələri düzmüşlər.
ADAU-nun iclas zalında keçirilən xatirə gecəsini universitetin rektoru, professor Mirdaməd Sadıqov açaraq Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının keçmiş rektoru, akademik M.Cəfərovun elmi fəaliyyətindən, aqrar elminin inkişafına verdiyi böyük töhfələrdən, ictimai-siyasi xadim kimi cəmiyyətdə güclü nüfuz qazanmasından danışmışdır.
ADAU-nun torpaqşünaslıq, aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrasının müdiri, professor Amin Babayev M.Cəfərovun həyat və fəaliyyəti haqqında məruzə etmişdir.
Bildirilmişdir ki, əmək fəaliyyətinə 1959-cu ildə başlayan M.Cəfərov bütün ömrünü Kənd Təsərrüfatı Akademiyasına bağlamış, burada assistent, dosent, professor, ən nəhayət, ömrünün sonunadək rektor vəzifələrində çalışmışdır. Bir çox beynəlxalq akademiyaların və cəmiyyətlərin üzvü olan Məmmədtağı Cəfərov, həm də dövlətçiliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyası siyasi şurasının ən fəal üzvlərindən olmuşdur.
Məmmədtağı Cəfərov respublikada və onun hüdudlarından kənarda torpaqşünaslığa dair aktual problemlərin tədqiqi ilə məşğul olan alim kimi tanınmışdır. Onun torpaqların münbitliyinin tənzimlənməsi üsullarına, əkinçilikdə fosfor probleminin həllinə, Azərbaycan torpaqlarının rekultivasiyasının nəzəri əsaslarına, torpaq fondu və ondan səmərəli istifadəyə həsr olunmuş əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Həmin araşdırmaların nəticələri müxtəlif illərdə kənd təsərrüfatında uğurla tətbiq olunmuşdur. Alimin tədqiqatları 40-dan artıq monoqrafiya, dərslik və dərs vəsaitində, 200-dən çox elmi məqalədə öz əksini tapmışdır.
Məmmədtağı Cəfərovun yarım əsrə yaxın bir dövrü əhatə edən pedaqoji fəaliyyəti zəngin və səmərəli olmuşdur. Kənd təsərrüfatı sahəsində kadr yetişdirilməsi işində böyük xidmətlər göstərən alimin rəhbərliyi ilə iyirmidən artıq doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Sonra tanınmış alimə həsr olunan film nümayiş etdirilmişdir. Filmdə Məmmədtağı Cəfərovun həyatının ən maraqlı və parlaq səhifələri əks olunmuşdur.
Tədbirdə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun direktoru, akademik Siddiqə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Regional Elmi Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Fuad Əliyev, Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutunun direktoru Kamil Fətəliyev, Gəncə Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov və başqaları çıxış edərək Məmmədtağı Cəfərovla bağlı xatirələrini danışmışlar.
Sonda akademikin qızı İradə Cəfərova ailə üzvləri adından universitetin rəhbərliyinə və xatirə gecəsinə toplaşanlara minnətdarlığını bildirmişdir.