ADAU-da “Aqro Biznes Analizi” rəqəmsal platformasının təqdimatı olub
Gəncə, 29 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup professor-müəllim heyəti üçün “Aqro Biznes Analizi” mobil tətbiqinin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimatda SAİRS MMC-nin təsisçisi Şöhrət Məmmədov tərəfindən platformanın funksional imkanları nümayiş etdirilib, əməkdaşlıq perspektivləri və inkişaf təklifləri ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, platformada bazar qiymətləri, statistik və analitik məlumatlar, məhsulların alış və satış təklifləri, aqrotexnika və logistika sifarişləri, iş və işçi profilləri, aqroservislər, ağıllı texnologiyalar və innovativ həllər təqdim olunur.
Qeyd edək ki, platforma SAİRS MMC (Smart Agro Irrigation Services) tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb. Əsas məqsədi rəqəmsal həllər vasitəsilə aqrar sahədə fəaliyyətin daha rentabelli, çevik və səmərəli təşkilinə töhfə verməkdir.
Müxbir - Elcan Məmmədov