ADAU-da məhsul itkilərinin azaldılması yolları təqdim edilib
Gəncə, 15 may, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində aqrar sahədə innovativ texnologiyaların tətbiqi və məhsul itkilərinin minimuma endirilməsi istiqamətində növbəti maarifləndirici tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin İnnovasiyalar Mərkəzində keçirilən “BlowDevice® – Meyvə və tərəvəz məhsullarının saxlanma müddətinin artırılması” mövzusunda seminarda Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, universitet rəhbərliyi, professor-müəllim heyəti, tədqiqatçılar, tələbələr və aqrar sahə üzrə mütəxəssislər iştirak ediblər.
Seminarda çıxış edən Zəfər Qurbanov aqrar təhsildə innovasiya, elm və beynəlxalq əməkdaşlığın universitetin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, ADAU-da tələbələrin və gənc tədqiqatçıların dünya təcrübəsinə çıxışının təmin olunması, qabaqcıl texnologiyalarla tanışlığı və praktiki biliklərinin artırılması məqsədilə mütəmadi olaraq belə elmi-praktik tədbirlər təşkil olunur.
Universitetin Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Mahir Məmmədzadə çıxış edərək deyib ki, hər bir beynəlxalq seminar tələbələr, gənc alimlər və mütəxəssislər üçün yeni bilik, yeni təcrübə və yeni əməkdaşlıq imkanları deməkdir. ADAU-nun aqrar təhsili qlobal çağırışlara uyğun inkişaf etdirməkdə qərarlı olduğu da diqqətə çatdırılıb.
Daha sonra seminarın məruzəçisi, İtaliyanın Basilicata Universitetinin tədqiqat və layihə mühəndisi, soyutma texnologiyaları üzrə mütəxəssisi, fəlsəfə doktoru Orxan Məmmədov “BlowDevice® – Meyvə və tərəvəz məhsullarının saxlanma müddətinin artırılması” mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda məhsulların saxlanma prosesində yaranan itkilərin səbəbləri, temperatur və hava dövriyyəsinin məhsul keyfiyyətinə təsiri, post-harvest texnologiyalarının iqtisadi səmərəliliyi, eləcə də “BlowDevice®” sisteminin tətbiqi nəticəsində məhsulların saxlanma müddətinin artırılması imkanları ətraflı izah olunub.
Seminar çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, aqrar sahədə innovativ texnologiyaların tətbiqi, beynəlxalq elmi əməkdaşlıq və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra qonaq ADAU-nun İnnovasiya Mərkəzi ilə yaxından tanış olub.
Müxbir - Elcan Məmmədov