ADAU-nun bir qrup əməkdaşı “Zəyəm Texnologiyalar Parkı” ASC-də olub
Gəncə, 5 avqust, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup əməkdaşı “Zəyəm Texnologiyalar Parkı” ASC-də olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rəhbərliyi ilə keçən səfər zamanı professor-müəllim heyəti buradakı müxtəlif növ metal konstruksiyalar, piyada keçidləri, metal körpü estakadalar, kalonlar və dayaqlar, bina fasadları üçün çərçivələr, müxtəlif növ beton qəliblər, bina, tunel, yol tikintisində istifadə olunan texnikalar üçün ehtiyat hissələri və s. istehsalı ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universiteti və “Zəyəm Texnologiyalar Parkı” ASC arasında birgə əməkdaşlıq üzrə imzalanmış memoranduma əsasən, təcrübə proqramlarının təşkili, tələbələrin nəzəri biliklərlə yanaşı, praktik biliklərinin artırılması, peşəkar mütəxəssislərin uğurlu iş təcrübəsi və müasir texnoloji avadanlıqların istifadə qaydaları ilə yaxından tanış olmaları nəzərdə tutulub.