ADAU və Ege Universitetinin ikili diplom proqramı üzrə təhsil alan tələbələr məzun olublar
Gəncə, 17 iyun, AZƏRTAC
Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində Ege Universitetində təhsil alan tələbələrin buraxılış mərasimi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib.
Mərasimdə hər iki universitetin rəhbərliyi, ikili diplom proqramının rəhbər komitəsinin üzvləri, akademik heyət və tələbələr iştirak ediblər.
Tədbirdə azərbaycanlı və türk tələbələr tərəfindən hazırlanan musiqili rəqs nömrələri nümayiş olunub.
Mərasimdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov ADAU-EU ikili diplom proqramının Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının uğurlu nümunələrindən biri olduğunu vurğulayıb. Rektor bildirib ki, proqram çərçivəsində tələbələr iki qardaş ölkənin qabaqcıl ali təhsil ənənələrindən faydalanmaq, beynəlxalq təcrübə qazanmaq və əmək bazarının tələblərinə cavab verən peşəkar mütəxəssis kimi formalaşmaq imkanı əldə edirlər.
Zəfər Qurbanov məzunları təbrik edərək vurğulayıb ki, onların əldə etdikləri bilik və bacarıqlar gələcək fəaliyyətlərində mühüm rol oynayacaq, aqrar sahənin inkişafına, eləcə də Azərbaycan və Türkiyə arasında elmi-təhsil əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək. Rektor qeyd edib ki, ADAU beynəlxalq əməkdaşlığın genişləndirilməsini, tələbə və müəllim mübadiləsinin artırılmasını, dünya standartlarına uyğun mütəxəssis hazırlığını daim prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlayır.
Daha sonra Ege Universitetinin “Aqronomluq” ixtisası üzrə birincisi Mədinə Əliyeva, “Bitki mühafizəsi” ixtisası üzrə birincisi Turqut İmanlı, “İqtisadiyyat” ixtisası üzrə birincisi Rəvan Musayev, “Aqronomluq” ixtisası üzrə birincisi Mədinə Əliyeva, ikincisi Vüsalə Vəliyeva və üçüncüsü Mahir Adıgözəlova təşəkkürnamələr təqdim edilib, adları fəxri kötüyə həkk olunub.
Tədbir konsert proqramı ilə davam edib.