ADMİU tələbələrinin mahnıları Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun saytına yerləşdirilib
Bakı, 9 may, AZƏRTAC
Faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ВГИК) təbrik göndəriblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADMİU-nun Estrada sənəti kafedrasının təşkilatçılığı ilə Musiqi sənəti fakültəsinin tələbələri Lamiyə İsmayılova “Juravli” (“Durnalar”), Valeriya Hüseynzadə “Siniy platoçek” (“Göy dəsmal”), Aydın Verdiyev “Katyuşa” (“Katyuşa”), Tural Xəlilzadə “Tyomnaya noç” (“Zülmət gecə”), Mövsüm Salamzadə “Pervım delom somalyotı” (“İlk növbədə təyyarələr”) mahnılarını ifa ediblər. Mahnılar S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rəsmi veb-saytında (https://vgik.info/sng.php) və sosial hesablarında paylaşılıb.
Yüz yaşlı incəsənət institutunu təbrikə ADMİU ilə yanaşı, Belarus Dövlət İncəsənət İnstitutu, Serbiyanın Belqrad İncəsənət İnstitutu, T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun tələbələri də qoşulublar.
Qeyd edək ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi qələbədə Azərbaycanın böyük rolu olub. Böyük Vətən müharibəsində Azərbaycan xalqının qəhrəman oğulları və qızları misilsiz şücaətlər göstəriblər. Müharibədə 700 minə qədər azərbaycanlı ön cəbhədə döyüşüb, 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” kimi yüksək ada, 30 nəfər isə “Şərəf” ordeninə layiq görülüb. Azərbaycanlılardan ibarət 416-cı “Taqanroq”, 402-ci “Azərbaycan”, 223-cü “Belqrad” və 77-ci “Simferopol” diviziyaları şərəfli döyüş yolu keçib, müharibənin taleyini həll edən mühüm döyüşlərdə iştirak edib, xüsusən “Taqanroq” diviziyasının əsgərləri qələbə bayrağını Berlinə sancanlardan olublar.