ADNSU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı genişlənir






Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Görüşdə ADNSU-nun rektoru dosent Rüfət Əzizov qonaqlara universitetin tədris prosesi, ixtisaslar, laboratoriyalar, elmi tədqiqat hədəfləri, həmçinin innovasiya və rəqəmsal inkişaf sahəsindəki təşəbbüsləri barədə məlumat verib. Rəqəmsal həllərin sənayenin müxtəlif sahələrinə tətbiqinin aktuallığını qeyd edən rektor, eyni zamanda, kibertəhlükəsizlik və texnoloji layihələrin icrasının, bu istiqamətdə əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.
Fərid Osmanov ali təhsil müəssisələri, o cümlədən ADNSU ilə əməkdaşlığın önəmini qeyd edib. O, rəqəmsal inkişaf konsepsiyası çərçivəsində mövcud layihələrin icrasında, təhsil və digər infrastruktur sahələrində birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Sonda qonaqlar ADNSU və UFAZ-ın laboratoriyaları, o cümlədən HPC və Lazer Mərkəzi, Rəqəmsal energetika laboratoriyası və kompüter otaqları ilə tanış olaraq universitetin maddi-texniki bazasının yüksək olduğunu bildiriblər.