ELM VƏ TƏHSİL
ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub
![](/files/galleryphoto/2024/2/1200x630/1717236833370764947_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172368335630360687_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172368336375918367_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172368332288855100_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172368332558914776_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717236833495228780_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172368331329139536_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172368334961248135_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172368334380230396_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172368335495926534_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717236833468421112_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172368332757542745_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172368335303952984_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172368338118436_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən XV Məzun-Karyera sərgisində 1000-dən çox vakant iş və 700-ə yaxın təcrübə yeri təklif olunub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Açılış mərasimində çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov belə sərgilərin müəssisələrlə universitet arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını bildirib. O, sərginin tələbə və məzunların işəgötürənlərlə birbaşa ünsiyyət qurması baxımından mühüm platforma olduğunu deyib. ADNSU məzunlarının işlə təminatının yüksək səviyyədə olduğunu qeyd edən dosent Vazeh Əskərov iştirakçıların diqqətinə çatdırıb ki, QS Reytinq Siyahısında 2024-cü ilin sıralamasında məşğulluq göstəricisinə görə ADNSU dünya universitetləri arasında 271-ci və Azərbaycan universitetləri arasında 1-ci yerdədir.
Sərginin açılış mərasimində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Nicat Əsədli, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov, Balaxanı Əməliyyat Şirkəti LTD-nin vitse-prezidenti Şaiq Bəkirov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, ADNSU məzunlarına istehsalat müəssisələrində hər zaman ciddi ehtiyac var. Belə sərgilər sənaye-universitet əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərir və bu da məzunlara işlə təmin olunma və uğurlu karyera seçimi imkanı yaradır.
Sərgi rəsmi hissədən sonra ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının ifasında bədii hissə ilə davam edib, daha sonra qonaqlar stendlərlə tanış olublar.
Qeyd edək ki, sərgi çərçivəsində universitetdə aparıcı şirkət mütəxəssisləri tərəfindən tələbələr üçün 5 mövzuda treninq də keçirilib.