ADPU-nun müəlliminin kitabı təqdim olunub - “Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər”
Bakı, 18 iyul, AZƏRTAC
Qərbi Azərbaycan İcmasında (QAİ) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi, Çapar – Milli İrsin Tədqiqi Mərkəzinin sədri, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin “Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər” kitabının təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Tədbiri açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, 2026-cı ilin birinci yarısı həm ölkəmiz, həm də İcma üçün uğurlu fəaliyyət dövrü olub. Bu müddət ərzində Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təbliği məqsədilə ölkə daxilində və xaricdə çoxsaylı elmi, mədəni və ictimai tədbirlər, beynəlxalq konfranslar və festivallar keçirilib.
Əziz Ələkbərli vurğulayıb ki, Dilqəm Əhməd İcma yaranmamışdan əvvəl də Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və təbliği istiqamətində ardıcıl fəaliyyət göstərən tədqiqatçılardandır. Müəllifin Türkiyə dövlət arxivləri, ailə arxivləri və mühacirlərin xatirələri əsasında hazırladığı bu kitab Qərbi Azərbaycandan köçlər tarixinin öyrənilməsi, tarixi yaddaşın qorunması və qayıdış ideyasının elmi əsaslarla təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Tədbirdə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd Rayon İcmasının sədri, professor Mahirə Hüseynova bildirib ki, Qərbi Azərbaycan mövzusu milli yaddaşımızın ayrılmaz hissəsidir və bu istiqamətdə yazılan hər bir fundamental əsər tarixi həqiqətlərin qorunmasına xidmət edir. Dilqəm Əhmədin yeni kitabı yalnız tarixi faktların toplusu deyil, həm də deportasiya olunmuş soydaşlarımızın ailə yaddaşını, mənəvi irsini və vətən həsrətini yaşadan dəyərli elmi mənbədir.
Daha sonra ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov, Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova, Elmi-təşkilati şöbəsinin müdiri, QAİ İdarə Heyətinin üzvü professor İbrahim Bayramov, professor Ələkbər Cabbarov, ADPU-nun kafedra müdiri, QAİ Ziyalılar Şurasının sədr müavini professor Fərrux Rüstəmov, QAİ İdarə Heyətinin üzvü, tarixçi-alim Nazim Mustafa nəşrin əhəmiyyətindən danışaraq bildiriblər ki, kitab Türkiyə dövlət arxivlərindən əldə edilmiş zəngin sənəd bazası, ailə arxivləri və canlı xatirələr əsasında hazırlanmış fundamental tədqiqat əsəridir. Bu nəşr Qərbi Azərbaycandan məcburi köçürülmələrin tarixinin araşdırılması, mühacir irsinin öyrənilməsi, tarixi yaddaşın qorunması və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının elmi əsaslarla təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
Çıxış edənlər müəllifin uzun illər apardığı araşdırmaların yüksək elmi dəyərə malik olduğunu vurğulayaraq kitabın tarixçilər, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün etibarlı mənbələrdən biri olacağını bildiriblər.
Sonda çıxış edən müəllif Dilqəm Əhməd bildirib ki, kitab uzun illər Türkiyə dövlət arxivlərində apardığı araşdırmaların, eləcə də İstanbul, Qars və İğdır şəhərlərində yaşayan Qərbi azərbaycanəsilli ailələrin şəxsi arxivləri və xatirələrinin toplanması nəticəsində ərsəyə gəlib. Əsərin yazılmasında əsas məqsəd Qərbi Azərbaycandan deportasiyaların tarixini sənədlər əsasında araşdırmaq, mühacir ailələrinin yaddaşını qorumaq və bu tarixi irsi gələcək nəsillərə çatdırmaqdır.
Müəllif kitabın hazırlanmasına dəstək göstərən Mədəniyyət Nazirliyinə, tədqiqat prosesində kömək edən alimlərə, arxiv əməkdaşlarına və şəxsi ailə arxivlərini təqdim edən soydaşlara minnətdarlığını bildirib, bu istiqamətdə araşdırmaların davam etdiriləcəyini və gələcəkdə yeni nəşrlərin hazırlanacağını diqqətə çatdırıb.