ADPU: Yaz imtahan sessiyasında bakalavriat və magistratura üzrə 10 minədək tələbənin iştirakı gözlənilir
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yaz semestrinin imtahan sessiyasına start verilib.
Pedaqoji Universitetdən AZƏRTAC-a bildirilib ki, imtahan sessiyası prosesin effektiv təşkili və tələbələrin rahatlığının təmini məqsədilə, əsasən, Əsas tədris binasında (Sahil), xüsusi qabiliyyət tələb edən fənlər üzrə isə III tədris binasında təşkil edilir. İmtahanlar saat 09:00, 12:00 və 15:00-da olmaqla 3 növbədə təşkil edilir, yazılı və şifahi formalarda keçirilir.
Yaz semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində yarana biləcək şikayətlərin araşdırılması və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apellyasiya Komissiyası və İmtahan Qərargahı yaradılıb. Tələbələr imtahanın bitməsindən növbəti 2 gün ərzində prosesin təşkili ilə bağlı müraciətlərini İmtahan Qərargahına, imtahan nəticələrindən narazı qaldıqda isə Apellyasiya Komissiyasına müraciət edə bilərlər.
İmtahan sessiyası iyulun 4-dək davam edəcək. Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min nəfərədək tələbənin iştirakı gözlənilir. Fənn kredit məbləğinin 25 faizini ödəməklə təkrar imtahanların isə 7-9 iyulda keçirilməsi nəzərdə tutulur.