ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sazişi Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov və Konfutsi İnstitutunun direktorları Li Jihua və Rafiq Abbasov imzalayıb.
Konfutsi İnstitutundan AZƏRTAC-a bildirilib ki, sazişin əsas məqsədi Azərbaycan ilə Çin arasında təhsil və elm sahəsində əməkdaşlığın genişləndirilməsi, humanitar elmlər sahəsində mütəxəssislərin hazırlanması, Çin dili və mədəniyyətinin tədrisi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə, tədris və elmi kadrlar mübadiləsi, birgə elmi konfrans və seminarların təşkili, elmi-metodik ədəbiyyatın nəşr edilməsidir.
İmzalanma mərasimində çıxış edən professor Hüseyn Bağırov Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinin öyrənilməsinə marağının artdığını, Çin və Azərbaycan universitetləri arasında tələbə mübadiləsinin və əməkdaşlığın genişləndiyini qeyd edib. O, Qərbi Kaspi Universitetində yaradılan Konfutsi İnstitutu sinfinin Çin dilinin tədrisi üçün mühüm platformaya çevriləcəyinə və ənənəvi Çin-Azərbaycan dostluğunun möhkəmlənməsinə, iki ölkə arasında təhsil və humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə və Azərbaycanda peşəkar çinşünaslıq təhsilinin inkişafına töhfə verəcəyinə əmin olduğunu ifadə edib.
Professor, həmçinin Qərbi Kaspi Universitetinin Çin dilinin tədrisinə, müasir Çinin öyrənilməsinin aktual istiqamətləri üzrə tələbə elmi-tədqiqat işlərinin təşkilinə və ölkələrimiz arasında mədəniyyətlərarası dialoqun təşviqinə böyük önəm verdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfirliyinin müşavir-elçisi Din Tao deyib: “İki dövlətin liderlərinin strateji rəhbərliyi altında Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 31 il boyunca əməkdaşlıq hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə inkişaf edib, dərinləşib və möhkəmlənib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin dünya sivilizasiyalarının müxtəlifliyinə hörmətlə yanaşmağı tövsiyə edərək, bərabərlik, qarşılıqlı öyrənmə, dialoq və tolerantlıq prinsiplərinə sadiqliyin vacibliyini vurğulayaraq Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürüb. Bu kontekstdə Çin-Azərbaycan münasibətləri və humanitar əməkdaşlıq yüksək perspektivlər göstərərək, Çin dilini öyrənən və Çin mədəniyyətindən ilham alan azərbaycanlı gənclərə daha əlverişli imkanlar yaradıb. Gələcəkdə daha çox azərbaycanlı tələbələr Çin mədəniyyətini dərindən öyrənəcək, Çin xalqının mehribanlığını və səmimiliyini duyacaq, Çin modernləşmə üslubu dövrünün nəbzini hiss edərək, Çinə səfər edəcək və orada oxuyub-işləyəcəklər. Onlar iki ölkə arasında dostluq səfiri və əməkdaşlıq “körpü”sünə çevriləcəklər, eləcə də Çin-Azərbaycan ortaq gələcəyi olan icmanın qurulmasına töhfə verəcəklər”.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafından, Azərbaycan və Çin dillərinin, mədəni irsinin öyrənilməsi və təbliği ilə bağlı proqramların həyata keçirilməsindən danışıb. O, qeyd edib ki, Avrasiya nəqliyyat-iqtisadi dəhlizlərinin yaradılması, eləcə də İpək Yolu ölkələri arasında humanitar mübadilə və mədəniyyətlərarası dialoqun təmin edilməsi üzrə Çinin “Kəmər və yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın fəal iştirakı təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafına yeni təkan verib.
R. Abbasov Qərbi Kaspi Universitetinin kitabxanasına Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunub, Çin dilində nəşr edilmiş “Heydər Əliyev və Çin”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası: diplomatik əlaqələrin qurulmasından keçən 30 il. Prezident salnaməsi”, “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” və “Heydər Əliyev-100. Tarixi səfərin xronikası” adlı kitablarını hədiyyə edib.
Tədbirin sonunda ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələri rəngarəng konsert proqramı ilə çıxış ediblər, Çin mahnı və melodiyalarını səsləndiriblər. Həmçinin xəttatlıq və kağız sənəti üzrə ustad dərsləri təşkil olunub, ənənəvi çay mərasimi keçirilib.