AFFA İCRAİYYƏ KOMİTƏSİ ÜZVLƏRİNİN QURUMUN PREZİDENTİ FUAD MUSAYEVƏ MÜRACİƏTİ
Cənab Prezident! Öz Nizamnamə hüquqlarından istifadə edən AFFA İcraiyyə Komitəsinin 13 üzvünün İcraiyyə Komitəsinin fövqəladə yığıncağının çağırılması barədə sizə müraciətindən on gün keçir. Amma İcraiyyə Komitəsi üzvlərinin qanuni tələblərinə siz hələ də reaksiya verməmisiniz. Halbuki, Nizamnaməyə uyğun olaraq, siz İcraiyyə Komitəsi üzvlərinin yarıdan çoxunun tələbi ilə İcraiyyə Komitəsinin yığıncağını çağırmağa borclu idiniz.
Məlum edirik ki, İcraiyyə Komitəsinin fövqəladə yığıncağının çağırılması təşəbbüsü 2003-cü il aprelin 1-də axşam, AFFA-nın baş direktoru Oqtay Zeynalovun şübhəli şəxs qismində saxlanılmasından sonra yaranmışdı. Çünki O.Zeynalov da İcraiyyə Komitəsinin üzvüdür. Siz prezident və AFFA İcraiyyə Komitəsinin sədri kimi hadisənin ertəsi günü dərhal Fövqəladə Məsələlərin Həlli üzrə Şuranın və İcraiyyə Komitəsinin yığıncağını çağırıb, yaranmış gərgin vəziyyəti müzakirə etməli, İcraiyyə Komitəsi üzvlərinə mövcud vəziyyətdən çıxış yollarını tapmaq üçün təkliflər verməli idiniz. Təəssüf ki, siz bu istiqamətdə heç bir addım atmadınız. AFFA-nın kollektiv idarəetmə orqanları olan Fövqəladə Məsələlərin Həlli üzrə Şuranı və İcraiyyə Komitəsini saya salmayaraq siz gözləmə mövqeyi tutdunuz. Halbuki, AFFA-nın baş direktorunun həbs edilməsi fövqəladə hadisədən də ciddi məsələdir. Məhz məsələnin ciddiliyi bizi İcraiyyə Komitəsinin növbədənkənar yığıncağının çağırılması, orada Oqtay Zeynalovun həbsi və Azərbaycan futbolunda yaranmış böhran vəziyyətindən çıxış yollarının tapılması ilə bağlı məsələlərin müzakirə olunması tələbi ilə sizə müraciət etmək məcburiyyəti qarşısında qoydu.
Siz bu tələbi yerinə yetirməkdən imtina etdiniz. Halbuki Nizamnaməyə görə İcraiyyə Komitəsi üzvlərinin tələblərinə əməl olunmalıdır. Tələblərimizə göstərdiyiniz etinasızlığa və bizi AFFA qərargahına buraxmamaq cəhdinizə görə başqa yerdə toplaşmaq məcburiyyəti qarşısında qaldıq.
Bizim FİFA-nın, UEFA-nın və futbol klublarının tələblərinə uyğun olaraq Sürix razılaşmasının yerinə yetirilməsi istiqamətində qəbul etdiyimiz qərarları siz guya hüquqi əsası olmadığına görə qəbul etmədiniz. Hərçənd ki, hüquqi əsasların olmamasına yox, qəbul edilən qərarların məğzinə və əhəmiyyətinə diqqət yetirmək lazımdır. Əgər belədirsə, sizin aprelin 16-də keçirdiyiniz mətbuat konfransında Sürix razılaşmasının yerinə yetirməsinə yönəlmiş çağırışınızı necə başa düşək? Axı bizim də tələblərimiz elə budur!
Siz bizimlə dialoqdan imtina etməklə, əslində, həmişə arxalandığınız dayaqlarınızı itirdiniz. Axı biz həmişə sizə qarşı ədalətsiz münasibətlərin əleyhinə çıxmışıq. Bu dəfə siz özünüz bizimlə əməkdaşlıqdan imtina etdiniz. Bundan əlavə, hüquqi əsası olmayan əmrlər verməyə başladınız. Axı siz bilməlisiniz ki, komitə və komissiyaların rəhbərləri prezident tərəfindən yox, İcraiyyə Komitəsi tərəfindən təsdiq olunur. Hətta AFFA-nın adi bir əməkdaşının da işdən azad olunması haqqında əmri prezident yox, baş direktor imzalayır.
Cənab Prezident! Bizim həmişə sizə dayaq olan münasibətlərimiz sarsılıb, amma hələ tamam dağılmayıb. Yalnız siz özünüz bu münasibətləri əvvəlki səviyyəyə qaldıra bilərsiniz. Bundan ötrü bir daha təklif edirik ki, İcraiyyə Komtəsinin növbədənkənar iclasını çağırıb orada futbolumuzun indiki vəziyyəti barədə məruzə edəsiniz, sizdən fərqli olaraq FİFA-nın tanıdığı və müdafiə etdiyi AFFA İcraiyyə Komitəsinin Azərbaycana böyük futbolun qayıtması üçün qərarlar qəbul etməsinə imkan yaradasınız.
AFFA İcraiyyə Komitəsinin üzvləri:
Fətullah Hüseynov, Fuad Ələsgərov, Toğrul Hacıyev,
Arif Abbasov, Asif Cavadlı, Hamlet İsaxanlı,
Yaşar Seyidov, Fəzil Qarayev, Elbrus Abbasov,
Ağarza Rzayev, Cəlal Məsimov, Səyavuş İbrahimov,
Valeri Hacıyev - cəmi 13 imza.