KOBİA: KOB-ların yaşıl keçidi üçün güclü tərəfdaşlıq və maliyyə dəstəyi vacibdir
Bakı, 17 iyun, AZƏRTAC
Kiçik və orta biznesin yaşıl keçid prosesində uğur qazanması üçün güclü tərəfdaşlıq, maliyyə əlçatanlığı və institusional dəstək əsas şərtlərdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, mikro, kiçik və orta müəssisələr yaşıl transformasiyanı təkbaşına həyata keçirə bilməzlər və bunun üçün maliyyə, texnologiya, bacarıq və bazarlara çıxış imkanlarına ehtiyac duyurlar.
“Bu prosesdə hökumətlər əlverişli siyasət və normativ mühit yaratmalı, maliyyə institutları isə əlçatan “yaşıl maliyyə” həlləri təqdim etməlidir. İri şirkətlər KOB-ları dayanıqlı təchizat zəncirlərinə inteqrasiya etməklə onların inkişafına töhfə verə bilər, beynəlxalq təşkilatlar isə texniki dəstək və təcrübə mübadiləsi ilə bu prosesi gücləndirə bilər”,- deyə o diqqətə çatdırıb.