SİYASƏT
Afrika İntibah Forumunun sədri: Fransa Əlcəzairdə qadınların çadralarını açması üçün afişalar paylaşırdı
Bakı, 21 noyabr, AZƏRTAC
Fransa Əlcəzairdə qadınların bir qismini toplayıb onlardan çadralarını açmağı tələb edirdi. Qadınların çadralarını açmaq üçün afişalar paylaşırdılar. Bunu azadlıq kimi qələmə verirdilər.
AZƏRTAC xəbər verir ki, bunu Afrika İntibah Forumunun sədri Soueymane Ndiaye Bakıda keçirilən "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbirdə deyib.
O bildirib ki, hazırda ölkələr azad olunmaqdadır, amma bu müstəmləkəçiliyin qırıntıları qalmaqdadır.
“Bu yaxınlarda Azərbaycan 30 il işğal altında olan ərazilərinin azadlığa qovuşması gününü qeyd edirdi. Azərbaycan bir nümunədir. Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə fəaliyyət göstərirlər. Onlar insanları tərbiyə edən qəhrəmanlardır. Bu gün qadınları azadlığa qovuşdurmaq üçün təşəbbüslərdən danışmaq lazımdır. Biliklərin dekolonizasiyası zamanı qadınların töhfə verməsi üçün çalışmaq lazımdır. Ümid edirik bu konfrans bu istiqamətdə faydalı olacaq” , - deyə Soueymane Ndiaye deyib.