MƏDƏNİYYƏT
“Ağa Musa Nağıyev: xeyriyyəçiliyin Türkiyə səhifəsi” adlı sənədli filmin təqdimatı olub
Bakı, 17 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində “Ağa Musa Nağıyev: xeyriyyəçiliyin Türkiyə səhifəsi” adlı sənədli filminin təqdimatı keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqlar Mərkəzin Muzey bölməsi ilə tanış olaraq ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.
Tədbir haqqında iştirakçılara geniş məlumat verilib və vurğulanıb ki, film “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkilib. “Ağa Musa Nağıyev: xeyriyyəçiliyin Türkiyə səhifəsi” sənədli filminin qəhrəmanı Azərbaycanda xeyriyyəçilik ənənələrinin əsas banilərindən olan A.M.Nağıyevdir. O, sahibi olduğu sərvəti və tikdirdiyi 98 bina ilə insanların sevgisini, rəğbətini qazanaraq, xalqın maariflənməsində, sosial-siyasi cəhətdən təkmilləşməsində hər zaman öndə addımlayanlardan olub. Məhz bu cəhətlərinə görə Ağa Musa Nağıyev “Müqəddəs Stanislav” ordeni və Çar II Nikolayın “Andreyev Lentalı Qızıl Medal” ilə təltif olunub.
Sonda film nümayiş olunub.
“Ağa Musa Nağıyev: xeyriyyəçiliyin Türkiyə səhifəsi” sənədli filmi Azərbaycanın milli-mənəvi dəyərlərindən olan xeyriyyəçilik ənənələrinin hələ ötən əsrin əvvəllərində iki qardaş ölkə - Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini göstərir, xeyriyyəçilik fəaliyyətinin Azərbaycan sərhədlərindən kənara çıxmasına işarə edən faktlardan bəhs edir.