Ağcabədidə əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır
Ağcabədi, 28 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağcabədi Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun əkin sahələri mənbəyini Yuxarı Qarabağ və Xan qızı kanallarından götürən kanallar, eləcə də dren şəbəkəsi, hidrotexniki qurğular, elektrik nasos stansiyaları və SNP markalı nasoslar vasitəsilə suvarma suyu ilə təmin edilir. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2020-ci ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Bu dövrdə Rəncbərlər nasos stansiyasının təzyiqli boru kəmərinin 1100 metr hissəsi yeni boru əvəz olunub. Muğanlı nasos stansiyasının 3000 metr hissəsi yeni polietilen boru ilə əvəz edilib, yeni talvat tikilib, nasos və avadanlıqlar təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Pambıq və digər kənd təsərrüfatı bitkilərinin suvarılmasını yaxşılaşdırmaq üçün R-17-2-2 kanalı üzərində olan dəmir beton dükker yenilənib. R-17-1 kanalının Qarqar çayı üzərindən keçən ikinci dəmir boru çəkilib. Hindarx nasos stansiyasının val və nasosu, Aran kəndi ərazisinə xidmət edən ikiaqreqatlı “Sovxoz-2” nasos stansiyasında iki ədəd val, “Qiyaməddinli-3” nasos stansiyasının köhnə mühərrik və nasosları yenisi ilə əvəzlənib. “Gələbədin-2” nasos stansiyasında iki ədəd elektrik mühərriki dəyişdirilib. İki aqreqatlı Sarıcalı nasos stansiyasının ikinci aqreqatına yeni mühərrik və nasos qoyularaq istifadəyə verilib. Rəncbərlər nasos stansiyasına sukeçirici borular qoyularaq, çətin suvarılan pambıq sahələrinin suvarılması yaxşılaşdırılıb.
Cari ildə Ağcabədi rayonunda 36 min 291 hektar sahədə əkilmiş kənd təsərrüfatı bitkiləri orta hesabla 4-4,5 dəfə, o cümlədən 10 min 689 hektar pambıq sahəsi 4 dəfə, 14 min hektar taxıl 3 dəfə suvarılıb. Sahələrin 13 min hektarı nasoslarla, 23 min 291 hektarı öz axımı ilə, 26 min 709 hektarı isə artezianlar vasitəsilə suvarma suyu ilə təmin edilib. Əkinlərin vaxtlı-vaxtında suvarılması nəticəsində rayonda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da yüksəlib. Ağcabədi rayonunda 16 min 433 hektar payızlıq dənli bitkilərin 14 min 500 hektarı və 3610 hektarda səpilmiş yonca sahəsi suvarma suyu ilə təmin olunub.