Ağdamda görkəmli alim, akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Ağdam, 8 sentyabr, AZƏRTAC
Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Namazovanın anadan olmasının 100 illik yubileyi qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və görkəmli alimin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Ədilə Namazovanın həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Elman Məmmədov və başqaları çıxış edərək, alimin şərəfli və mənalı ömür yolundan, zəngin elmi və pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışıblar.
Bildirilib ki, Ədilə Namazova 1926-cı il sentyabrın 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1944-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə 1949-cu ildə başlayan Ədilə Namazova həmin vaxtdan etibarən 1953-cü ilədək Ağdam rayonunda Uşaq tibb məsləhətxanasının müdiri işləyib. O, 1954-1957-ci illərdə Moskva şəhərində, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasında oxuyub, aspiranturanı bitirdikdən sonra 1958-1959-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının assistenti, 1960-1965-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya Elmi Tədqiqat İnstitutunun doktorantı olub. 1965-ci ildən taleyini Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlayan Ədilə Namazova burada ömrünün sonunadək uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışıb.
Ədilə Namazova tibb elmləri üzrə 1959-cu ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1966-cı ildə professor elmi adına layiq görülüb. O, 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Ədilə Namazova 400-dən artıq elmi əsərin, o cümlədən 30 monoqrafiyanın, dərsliyin və metodik vəsaitin, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Alimin xarici dillərdə işıq üzü görən əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanıb. Səmərəli ictimai fəaliyyət göstərən Ədilə Namazova 1988-1992-ci illərdə SSRİ xalq deputatı olub, habelə bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü seçilib.
Diqqətə çatdırılıb ki, ölkəmizdə təbabətin inkişafı və yüksək ixtisaslı həkim kadrların yetişdirilməsi sahəsində akademik Ədilə Namazovanın xidmətləri dövlət tərəfindən lazımınca qiymətləndirilib. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Görkəmli alim, mahir pedaqoq və səmimi insan Ədilə Əvəz qızı Namazovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Tədbirdə Ədilə Namazovanın bacısı Tamella Namazova çıxış edərək tədbirinin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Əməkdar artistlər Fehruz Səxavətin, Səbuhi İbayevin və Elnur Zeynalovun ifasında rəngarəng musiqi nömrələri təqdim edilib.
Müxbir – Tahir Ağaməmmədov