Ağdamda yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması ilə bağlı müşavirə keçirilib
Bakı, 30 may, AZƏRTAC
Ağdam şəhərində “Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda regional müşavirə keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə, əkin sahələrində mümkün yanğınların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub.
Müşavirədə yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi vurğulanıb. Bildirilib ki, ətraf mühitin ayrılmaz hissəsi olan meşələrin mühafizəsi və inkişafı iqlim dəyişmələrinə qarşı vacib mübarizə tədbirlərindən biridir. Əhali arasında ekoloji maarifləndirmə tədbirlərinin genişləndirilməsinin, meşə və əkin sahələri ətrafında mineral zolaqların salınmasının, yanğınların söndürülməsi üçün sututarların yaradılmasının əhəmiyyəti qeyd edilib.
Müşavirədə qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların, o cümlədən tikinti şirkətlərinin işçilərinin odla ehtiyatlı davranmalarının, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyi xüsusi vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.