Ağdamın Mahrızlı kəndində 320 şagird yerlik məktəb binası inşa olunub
Ağdam, 15 sentyabr, T.Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Mahrızlı kəndində 320 şagird yerlik məktəb binası istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, təhsil sektorunun müdiri Tahir Abbasov, Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini və Rahib Məmmədovun məktəbin həyətində yerləşən büstünü ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər ölkəmizdə təhsilə verilən önəmdən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü ardıcıl tədbirlərdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. İkimərtəbəli məktəb binasında sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb.
Müəllimlər və valideynlər təhsilə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.