Ağstafa, Qazax və Tovuz gəncləri arasında Azərbaycan incəsənəti təbliğ olunub
Bakı, 2 iyul, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Regionlarda gənclər arasında incəsənətin təbliği” layihəsi çərçivəsində Ağstafa, Qazax və Tovuz rayonlarında silsilə tədbirlər təşkil olunub.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə Prezident İlham Əliyevin mədəniyyət və incəsənətin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyi vurğulanıb. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın muğamın, aşıq sənətinin və digər milli-mədəni irs nümunələrinin qorunması, inkişafı və beynəlxalq səviyyədə təbliği istiqamətində həyata keçirdiyi layihələr barədə iştirakçılara məlumat verilib.
Layihənin məqsədləri haqqında ətraflı danışılaraq bildirilib ki, Azərbaycan mədəniyyəti və incəsənətinin zəngin tarixi irsinin, milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən təşəbbüslər böyük əhəmiyyət daşıyır. Eyni zamanda, dövlətin incəsənətin inkişafına göstərdiyi diqqət və qayğıdan, bu sahədə icra olunan dövlət proqramlarından bəhs edilib.
Layihə çərçivəsində gənc istedadlı rəssamların əl işlərindən ibarət rəsm sərgisi də təşkil olunub. Sərgidə nümayiş etdirilən əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanıb, gənclərin yaradıcılıq potensialı və incəsənətə olan marağı yüksək qiymətləndirilib.