Ağstafa sakinləri “Himayədar ailə” barədə məlumatlandırılıblar
Bakı, 28 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Ağstafa rayonunda növbəti ictimai dinləmə keçirib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, Ağstafa Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbir “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunub.
Görüşdə dövlət və bələdiyyə orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, təhsil işçiləri, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.
Ümumilikdə 200-dən çox şəxsin iştirak etdiyi tədbirdə Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, valideyn himayəsindən məhrum edilmiş uşaqların ailə qayğısı ilə əhatə olunması, reinteqrasiyası, həmçinin övladlığa və himayədar ailələrə verilməsi istiqamətində Agentlik mütəmadi və məqsədyönlü işlər aparır.
Agentliyin əməkdaşları “Himayədar ailə” qayğı modeli, onun üstünlükləri, müraciət formaları və digər vacib məqamlar barədə iştirakçıları məlumatlandırıblar. Eləcə də “Himayədar ailə” institutunun hüquqi əsasları və himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə təqdimatlar edilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb