AĞSTAFADA DOQQUZ AYIN YEKUNLARI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Rayon İcra hakimiyyətinin başçısı Cümşüd Musayev müşavirəni açaraq Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizə başçılıq etməsindən ötən üç il ərzində görülmüş işləri konkret faktlarla diqqətə çatdırdı. O, Azərbaycan Prezidentinin fəaliyyətinin həm də regionların inkişafına xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla həyata keçirilməsi ilə yaddaqalan hadisəyə çevrildiyini qeyd etmişdir.
Natiq, ölkəmizin başçısının sədrliyi ilə Nazirlər Kabinetinin oktyabrın 21-də keçirilmiş müşavirəsində Prezident bölgələrin inkişafındakı fərqi mümkün qədər azaltmağı, bu sahədə balansa nail olmağı özünün iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi elan etdiyini bildirdi, müşavirədə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar görülən tədbirlərdən danışdı.
İcra başçısı cari ilin doqquz ayı ərzində rayonda görülən işlərdən söhbət açaraq bildirdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası ilə bağlı Ağstafa rayonunda həyata keçiriləcək tədbirlər nəticəsində 5738 nəfərin işlə təmin olunacağı nəzərdə tutulmuşdur. Görülmüş tədbirlər nəticəsində oktyabrın 1-nə rayonda 3539 nəfər işlə təmin olunmuşdur.
Dövlət proqramına uyğun olaraq Gəncə-Qazax avtomobil yolunun yenidən qurulması ilə əlaqədar Ağstafa rayonunun başlanğıcından magistralın Qazax rayonuna qədər olan hissəsində əsaslı təmir işləri başa çatmaq üzrədir. Ağstafa şəhərinin M.Ə.Rəsulzadə və Ş.Qurbanov küçələrinin kəsişdiyi yerdə istirahət guşəsi yaradılmış, E.Qələmçəli, 20 Yanvar, M.Mustafayev və H.Əliyev küçələrində abadlıq işləri aparılmışdır. Rayon Mərkəzi Kitabxana Sistemi üçün yeni binanın tikintisi başa çatmaq üzrədir. Şəhər humanitar liseyi üçün ayrılmış 3 mərtəbəli binanın 2 mərtəbəsində yenidənqurma və əsaslı təmir-tikinti işləri başa çatdırılmışdır.
Bundan əlavə, rayonda süd məhsulları istehsal edən “Ceyrançöl” MMC-yə maldarlığın kompleks inkişaf etdirilməsi üçün 120 hektar sahə ayrılmış, müasir standartlara cavab verən üzüm emalı müəssisəsi yaradılmışdır.
Natiq daha sonra doqquz ayda rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində görülən işlərdən danışaraq, Dövlət proqramında nəzərdə tutulan tədbirlərin uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.