Ağstafada turizmin inkişafı məqsədilə təlimlərə başlanılıb
Ağstafa, 30 may, Famil Quliyev, AZƏRTAC
Ağstafadakı Heydər Əliyev Mərkəzində KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin birgə həyata keçirdiyi “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstan sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində təlim keçirilib.
Təlimdə Ağstafa rayonunda turizmin inkişafına töhfə verə biləcək insanlar, turizm sektorunda çalışanlar, otel işçiləri, kənd bələdiyyələrinin və yerli ərazi idarəetmə orqanlarının nümayəndələri, qoruq işçiləri, bələdçi olmaq istəyən gənclər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə çıxış edən layihə rəhbəri, “Gəncə Regional Qadın Mərkəzi”nin sədri Məleykə Əlizadə Avropa İttifaqının maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən layihənin Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra olunduğunu bildirib.
Təlimdə əsasən regionda və Ağstafa rayonunda turizmin bugünkü vəziyyəti təhlil edilib.
Çıxış edənlər Ağstafa rayonunun təbiətinin gözəlliklərindən, tarixi və turizm məkanlarından söz açıblar.
Sonda pilot layihə olaraq kənd turizmini inkişaf etdirmək üçün kəndlər seçilib.