Akademik Abel Məhərrəmov: Bu gün Azərbaycanda idarəetmə və optimallaşdırma sahəsində çox gözəl şərait yaradılıb
Bakı, 27 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetində riyaziyyatın mühüm sahəsi üzrə beynəlxalq konfrans keçirilir. Konfrans “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” mövzusuna həsr olunub. Sənayedə optimallaşdırma və idarəetmə hazırda çox aktual məsələdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov deyib.
Rektor deyib ki, bu gün Azərbaycanda idarəetmə və optimallaşdırma sahəsində çox gözəl şərait yaradılıb, elmi məktəblər formalaşıb. Buna görə də bu sahə üzrə dünya şöhrətli alimlər tədbirin ölkəmizdə keçirilməsini məqsədəuyğun hesab ediblər.
Konfransda 20-dən çox ölkədən gələn 60-dan artıq alim mühazirələrlə çıxış edəcək.
Qonaqlar tədbir çərçivəsində ölkəmizdə elm, təhsilin inkişafı üçün yaradılan şəraitlə yaxından tanış olacaqlar.