Akademik Ələşrəf Məmmədovun 90 illik yubileyi qeyd olunub
Bakı, 1 noyabr, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Rəfail Abdullayev, Paleocoğrafiya şöbəsinin müdiri coğrafiya elmləri doktoru Yelena Tağıyeva və həmin şöbənin elmi işçisi Əliyar Əliyev geologiya-mineralogiya elmləri doktoru, akademik Ələşrəf Məmmədovun 90 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Qax rayonunda alimin doğma İlisu kəndinin Nizami adına tam orta məktəbində keçirilən görüşdə “Akademik Ələşrəf Veysəl oğlu Məmmədov 90” xatirə kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən R.Abdullayev 250-dən çox elmi əsərin, 12 monoqrafiyanın, 6 atlasın və 10 qiymətli xəritənin müəllifi olan akademikin qazandığı nailiyyətlərdən, çap etdirdiyi xəritələrdən, 1971-ci ildən ömrünün sonunadək Coğrafiya İnstitutunda müdir kimi çalışdığı Paleocoğrafiya şöbəsindəki fəaliyyətindən danışıb.