Akademik: İnformasiya Texnologiyaları İnstitutu kibertəhlükəsizlik sahəsində beynəlxalq elmi əməkdaşlığa hazırdır
Bakı, 1 noyabr, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransın bağlanış mərasimində çıxış edib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Akademik R.Əliquliyev çıxışı zamanı Azərbaycanda “Industry 4.0” istiqamətində atılan addımlar, yerinə yetirilən işlərdən söz açıb. Alim 2020-ci ildə Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etdiyini, Forumun prezidenti Borge Brende ilə görüşünü, Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalandığını xatırladıb. Qeyd edib ki, bu il aprelin 1-dən Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzi təsis olunub. Hazırda “Industry 4.0” çətiri altında bütün qabaqcıl texnologiyalar Azərbaycan Respublikasında neft-qaz platforması, nəqliyyat sistemləri və s. kimi müxtəlif kritik infrastrukturlarda tətbiq edilir.
AMEA-nın vitse-prezidenti hazırda Azərbaycanın bütün qüvvələrinin, elmi potensialının Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərinə yönəldildiyini nəzərə çatdırıb. Bütün “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı enerji infrastrukturu” texnologiyalarının müvafiq sferalarda tətbiq edildiyini bildirib.
R.Əliquliyev rəhbərlik etdiyi elmi qurumun beynəlxalq əməkdaşlıq münasibətlərindən də bəhs edib: “İnstitutun “AzScienceNet” elm-kompüter şəbəkəsi Azərbaycanın elm və təhsilinin Avropanın müvafiq mühitinə inteqrasiyasını təmin edən virtual körpü rolunu oynayır. Belə ki, “AzScienceNet” elm və təhsil şəbəkələri üzrə milli operator statusunda Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT Assosiasiyasının üzvüdür. “AzScienceNet” şəbəkəsinin Data Mərkəzində ölkənin elm və təhsil müəssisələrinə yüksəksəviyyəli internet xidmətləri göstərilir. AMEA İnformasiya Texnologiyaları İnstitutu, həmçinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Şərq Tərəfdaşlığı ölkələrini elektron elm müstəvisində birləşdirən “EaPConnect” layihəsində Azərbaycanı təmsil edir”.
Alim beynəlxalq konfransda “Kritik infrastrukturların kibertəhlükəsizliyi”, “Kibertəhlükəsizlik üzrə təhsil: proqramlar və laboratoriyalar”, “Həssaslığın təhlili, yoxlanılması və risk menecmenti”, “Hücumların aşkarlanması, təsirinin azaldılması və qarşısının alınması” və s. istiqamətlər üzrə müzakirələr aparıldığını, təqdim olunmuş elmi-tədqiqatlarda mühüm nəticələr əldə olunduğunu diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti tədbirin kibertəhlükəsizliyə dair bir sıra mühüm aktual problemlərin aşkarlanması, müzakirəsi və həlli yollarının axtarışı, müvafiq sahədə bilik və təcrübə mübadiləsinin aparılması, kibertəhlükələrin mahiyyətinin, kibertəhlükəsizlik problemlərinin ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Konfransda müzakirələr nəticəsində irəli sürülən dəyərli fikirlərin müvafiq sahədə mövcud problemlərin həllinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Alim konfransda ortaya çıxan xüsusi ideyaların həyata keçirilməsi istiqamətində gələcəkdə müxtəlif konfrans və görüşlərin təşkil olunmasının əhəmiyyətindən söz açıb. NATO, Avropa İttifaqı, müvafiq təşkilatlar, universitetlər və elm mərkəzləri ilə müxtəlif istiqamətlərdə elmi əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin önəmini qeyd edib.
Çıxışının sonunda akademik R.Əliquliyev NATO-ya, xüsusilə NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramına və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinə, eləcə də konfransın işində fəal iştirak edən alim və mütəxəssislərə dərin minnətdarlığını bildirib.