MƏDƏNİYYƏT
Akademik Milli Dram Teatrının “Nadir şah” tamaşası maraqla izlənib
Bakı, 20 aprel, AZƏRTAC
Bakı Ali Neft məktəbində Akademik Milli Dram Teatrının ifasında Yunus Oğuzun “Nadir şah” tamaşası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa məktəblə teatr arasında bağlanan əməkdaşlıq müqaviləsi əsasında nümayiş etdirilib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissoru əməkdar artist Vidadi Həsənov, quruluşçu rəssamı İlham Elxanoğlu, bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Həsənovadır. Döyüş səhnələrinə əməkdar artist Pərviz Məmmədrzayev, rəqslərə Lalə Hacıyeva quruluş veriblər.
Tamaşada Nadir şah obrazını xalq artisti Ramiz Novruz ifa edib. Janrı iki hissəli dramatik xronika kimi təyin olunmuş tamaşada əməkdar artistlər-Vidadi Həsənov, Elşən Rüstəmov, İlham Hüseynov, Ayşad Məmmədov, aktyorlar Hikmət Rəhimov, Amid Qasımov, Ramin Şıxəliyev, Şamil İbrahimov və başqaları çıxış ediblər.