Akademik Milli Dram Teatrının nəzdində yeni teatr studiyası fəaliyyətə başlamışdır
Bakı, 15 noyabr (AZƏRTAC). Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəzdində yeni teatr studiyası fəaliyyətə başlamışdır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, studiyada respublikanın tanınmış sənət adamlarının, təcrübəli sənətkarların iştirakı ilə, gənclərin rejissor və aktyor sənəti, teatr nəzəriyyəsi, səhnə danışığı, ritmo-plastika, vokal-səs və digər bacarıqlarının inkişafı və formalaşdırılması üçün müxtəlif fənlərin tədrisi təşkil edilmişdir.
Studiyada xaricdən Azərbaycana gələn görkəmli teatr xadimlərinin iştirakı ilə ustad dərsləri və seminarların keçirilməsi də nəzərdə tutulmuşdur.
Qırx nəfərdən ibarət studiya üzvləri arasında ölkənin müxtəlif teatrlarında çalışan gənc aktyorlar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və məzunları, həmçinin səhnə sənətinə bağlı olan gənclər vardır. Studiyanın tədris müddəti iki ildir. Bu dövr ərzində gənclərə teatr sənətinin səhnə-oyun prinsiplərini əhatə edən məşğələlər keçiriləcək, tədris prosesinin sonunda isə studiya üzvləri ilə tamaşa hazırlanacaqdır. Studiyada tamaşaya qoyulan hər hansı bir uğurlu əsərin teatrın Bədii Şurasında müzakirə edərək, cari repertuara daxil edilməsi də istisna olunmur.
Tədrisi başa vurduqdan sonra studiya üzvlərinə müvafiq sertifikatlar təqdim ediləcək və ən fəal üzvlərin müqavilə əsasında, teatrın tamaşalarında iştirakına şərait yaradılacaqdır.