ELM VƏ TƏHSİL
Akademik Musa Rüstəmov dəfn olunub
Bakı, 1 dekabr, AZƏRTAC
Tanınmış kimyaçı alim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, akademik Musa Rüstəmov II Fəxri xiyabanda dəfn olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, mərhum alimlə vida mərasimi AMEA-nın Əsas binasında keçirilib.
Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.
Vida mərasimində alimin zəngin elmi yaradıcılığından, yüksək mənəvi keyfiyyətlərindən danışılıb. Çıxış edənlər ölkəmizdə kimya sahəsində mühüm elmi nailiyyətləri ilə öz imzasını atmış, neft-kimya elminin inkişafına böyük töhfələr vermiş akademik Musa Rüstəmovun səmərəli elmi fəaliyyətindən, Azərbaycan kimya elminin inkişafına verdiyi töhfələrdən söz açıblar. Bildirilib ki, akademik Musa Rüstəmov 700-dən çox məqaləsi ilə kimya elminin neft-kimya istiqamətini sanballı əsərlərlə zənginləşdirib, həmçinin Azərbaycanda kimya sənayesinin formalaşdırılmasında böyük rol oynayıb.
Mərhum akademikin ailə üzvləri adından oğlu İsmayıl Rüstəmov çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, mərasim iştirakçılarına təşəkkürünü bildirib.
Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.