AKADEMİK MUSA RÜSTƏMOVUN KİTABININ TƏQDİMATI OLMUŞDUR
Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasında, sonra isə Bakı Dövlət Universitetində akademik Rüstəmovun iki hissədən ibarət “Yüksəkkeyfiyyətli motor yanacaqlarının alınmasının katalitik prosesləri” kitabının və “Publisist məqalələr” məcmuəsinin təqdimatı keçirilmişdir.
Təqdimatda çıxış edənlər bildirmişlər ki, akademikin bütün ömrü boyu apardığı və ona uğur qazandıran axtarışları bu kitabda ümumiləşdirilmişdir. Alim yüksələn katalizator axınlı katalitik krekinq sistemini hərtərəfli işləyib hazırlamışdır ki, bu da, digər sistemlərlə müqayisədə, reaksiya həcmi vahidinin məhsuldarlığını 8-10 dəfə artırmağa, prosesin seçmə qabiliyyətini yüksəltməyə, habelə xammalın daha ağır növlərini emal etməyə imkan verir. Onun doktorluq dissertasiyasının mövzusu olmuşdur. Ən əsası isə onun elmi araşdırmaları keçmiş SSRİ-nin 19 müəssisəsində və Bolqarıstanda tətbiq olunmuşdur. Bakıda tikilmiş zavod isə ildə 2 milyon ton xammal istehsal edir. 1993-cü ildə işə salınmış qurğu təkcə ilk 3 il ərzində dövlət büdcəsinə 200 milyon dollar vəsait köçürməyə imkan vermişdir.
Akademik Rüstəmovun əsərlərində neft emalının təkrar məhsullarının katalitik emalı ilə hidrotəmizləmə və hidrokrekinqlə, kinetika və katalizlə və sairlə, bir sözlə, gələcək tədqiqatlara kömək edə biləcək hər şeylə bağlı məlumatlar var.