AKADEMİK YUSİF MƏMMƏDƏLİYEVİN EV MUZEYİ İLƏ TANIŞLIQ
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev muzeyi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı görkəmli alimin evin yaxınlığındakı heykəlinin önünə gül dəstəsi qoydu.
Azərbaycan Prezidentinə məlumat verildi ki, bu muzey 1975-ci ildə, ulu öndər Heydər Əliyevin təşəbbüsi ilə yaradılmışdır. İlk vaxtlar burada 407 eksponat olmuşdur. İkimərtəbəli binanın ümumi sahəsi 190 kvadratmetrdir, ekspozisiya 135 kvadratmetr sahədə yerləşir. Burada 10 nəfər işçi çalışır. Hazırda muzeyin dörd otağında Azərbaycan elminin görkəmli nümayəndələrindən biri, dünya şöhrətli kimyaçı alim Yusif Məmmədəliyevin həyat və fəaliyyətini əks etdirən 2000-dən çox eksponat toplanmışdır. Onlardan 350-ni Mədəniyyət və Turizm Nazirliyi bu günlərdə muzeyə hədiyyə etmişdir.
Prezident İlham Əliyev muzeylə böyük maraqla tanış oldu, xatirə kitabına ürək sözlərini yazdı.