Akademik Zərifə Əliyevanın 103-cü ildönümü bölgələrdə qeyd olunub
Mingəçevir, 28 aprel, AZƏRTAC
Mingəçevirdə akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü ilə bağlı “Zərifə Əliyeva - insanlığa nur bəxş edən ömür” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra akademik Zərifə Əliyevaya həsr olunmuş sənədli film nümayiş etdirilib.
Çıxışlarda görkəmli alim Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi əvəzolunmaz töhfələrdən söz açılıb. Yüksək elmi nailiyyətləri, milli mənəvi-əxlaqi dəyərlərə, müasirlik və inkişafa bağlılığı, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm xadiminin parlaq xatirəsinin daim ehtiramla anılacağı diqqətə çatdırılıb.
Daşkəsəndə də görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsi yad olunub. Vurğulanıb ki, böyük alim Zərifə Əliyevanın zəngin elmi irsi, yüksək mənəvi keyfiyyətləri və insanlara olan qayğıkeş münasibəti əsl örnəkdir və onun xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Görkəmli akademikin müəllifi olduğu elmi əsərlər, xüsusilə peşə xəstəlikləri ilə bağlı araşdırmaları müasir tibb elmi üçün dəyərli mənbədir və gənc həkimlər tərəfindən böyük maraqla öyrənilir. Sonda akademik Zərifə Əliyevaya həsr edilən sənədli film nümayiş olunub, “Akademik Zərifə Əliyeva – 103” adlı kitab sərgisinə baxış keçirilib.
Müxbir – Vüsalə Cənnətova