Akademik Zərifə Əliyevanın zəngin elmi irsi Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayır
Tərtər, 28 aprel, AZƏRTAC
Akademik Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, yüksək mənəviyyat sahibi və əsl ziyalı kimi xalqımızın yaddaşında əbədi yaşayır. Onun oftalmologiya elminə gətirdiyi yeniliklər, yetişdirdiyi peşəkar kadrlar və insan sağlamlığının keşiyində dayanmaq naminə göstərdiyi fədakarlıq bu gün də səhiyyə işçiləri üçün nümunədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü bağlı Tərtər rayonunda keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxış olub.
Rayon Mədəniyyət Mərkəzində davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə və tibb elminə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, Zərifə Əliyevanın zəngin elmi irsi və humanist fəaliyyəti Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynamaqda davam edir, onun həyat yolu gənc nəslin və tibb işçilərinin Vətənə və peşəyə sədaqət ruhunda formalaşmasına töhfə verir.
Tədbir konsert proqramı ilə başa çatıb.
Müxbir – Tahir Ağaməmmədov