Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycanın görkəmli alimi, akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə “5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxs aprelin 15-dən 28-dək silsilə tədbirlər keçirib.
Bu barədə AZƏRTAC-a Mərkəzdən məlumat verilib.
“Qəlbləri nurlandıran sima” mövzusunda dərnəklərdə görkəmli alim haqqında müzakirələr olub, “Unudulmaz alim, mehriban ana, qayğıkeş insan” adlı təqdimat müsabiqəsi təşkil olunub. Müsabiqənin məqsədi mərkəzin 14-16 yaşlı dərnək üzvlərinə alimin elmi-tədqiqat irsinin öyrənilməsi və şərəfli həyat yolundan gənc nəslin ibrət götürməsidir.
Sonra Ulu Öndər Heydər Əliyev və görkəmli oftalmoloq-alim Zərifə Əliyevaya həsr olunmuş “Bir həyat hekayəsi” adlı konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin tədris-işləri üzrə direktor müavini Sevda Cəlilova Zərifə Əliyevanın Azərbaycan tibb elmində əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. Tibb və oftalmologiya sahəsində böyük töhfə və xidmətlərinə görə Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb. Elmi fəaliyyəti ilə yanaşı, Zərifə Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olub.