Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər
Bakı, 7 avqust, AZƏRTAC
Sosial şəbəkələr informasiya mübadiləsi baxımından geniş imkanlar yaratsa da, Azərbaycan dilinə həm mənfi, həm də müsbət təsir edir. Sosial şəbəkələrdə daha çox zaman keçirmək nitq mədəniyyətinin zəifləməsinə birbaşa zəmin yarada bilər. Axı biz danışmırıq, yazırıq. Xüsusilə də sürətli yazışmalar zamanı şəkilçilərin ixtisar edilməsi, saitlərin təhrif olunması kimi halların şahidi oluruq ki, bu da Azərbaycan dilinin normalarına ziddir. Türk dilləri ailəsinə mənsub olan Azərbaycan dili məhz saitlərin ahəngi üzərində qurulub. Dilimizdə sait, samit səslərin ahəngi var, odur ki, sözləri saitləri təhrif edərək yazmaq olmaz. Azərbaycan dili ahəng qanununa əsaslanan aqlütinativ dildir və onun fonetik, leksik, qrammatik xüsusiyyətlərinin qorunması hər bir vətəndaşın borcudur. Zəngin dil olan Azərbaycan dili sevgi, ünsiyyət, elm, təhsil dilidir, eyni zamanda, 44 gün ərzində hərbin və zəfərin dilinə çevrildi.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfransın panel sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırkı nəsil qloballaşan dünyada Azərbaycan dilinə digər dillərin təsirini duyan və bəlkə də, buna daha çox yuvarlanan nəsildir. Odur ki, uşaqların ana dilinə sevgisinin formalaşdırılması üçün keyfiyyətli Azərbaycan dilində cizgi filmlərinin hazırlanması, milli-mənəvi dəyərləri və vətənpərvərlik ideyalarını əks etdirən məzmunun artırılması mühüm əhəmiyyət daşıyır.
O, müəllimlərin tədris prosesində ədəbi dil normalarına riayət etməsinin vacibliyini diqqətə çatdıraraq bildirib ki, dialekt və şivələr Azərbaycan dilinin zənginliyini göstərsə də, məktəbdə şagirdlərə məhz ədəbi dildə müraciət olunmalıdır.
Çıxışında orta məktəb dərsliklərində bəzi mətnlərin tərcümə mətnlərini xatırlatdığını bildirən professor vurğulayıb ki, Azərbaycan dili qrammatikasının klassik və müasir ədəbiyyat nümunələrinə tətbiqi və onun əsasında öyrədilməsi şagirdlərin həm dil biliklərinin, həm də milli-mədəni dəyərlərə bağlılığının möhkəmlənməsinə xidmət edər.
Professor televiziya proqramlarında, reklam mətnlərində, iaşə müəssisələrinin adlarında da dil normalarının pozulması hallarının müşahidə olunduğunu bildirərək qeyd edib ki, media nümayəndələri Azərbaycan dilinin düzgün tətbiqinə xüsusi məsuliyyətlə yanaşmalıdırlar: "Bu gün Azərbaycan dilinin norma pozuntuları daha çox efirlərdə, çox təəssüf edirəm ki, bəzi televiziya proqramlarında müşahidə olunur. Hiss edilir ki, hətta bəzi aparıcıların bu gün Azərbaycan dilinə xas olmayan üslubları televiziya məkanına gətirmələri və bunu Azərbaycan tamaşaçısına çatdırması bizi incidir. İstər reklam lövhələrində, istər iaşə müəssisələrin adlarında çatışmazlıqları aradan qaldırmaq olar. Lakin televiziya məkanında hər bir aparıcı düşünməlidir ki, bu gün Azərbaycan dilinin tətbiq vəziyyəti onun nitqindədir".
Sevinc Əliyeva gənclərə mütaliənin əhəmiyyətini xatırladaraq, səlis nitqin və zəngin söz ehtiyatının kitab oxumaqla formalaşdığını bildirib.
Süni intellektdən də bəhs edən professor diqqətə çatdırıb ki, bu texnologiyalar tərcümə prosesində yardımçı vasitə kimi faydalı olsa da, dilin etnokulturoloji xüsusiyyətlərinə, frazeoloji qatına və xalqın mədəniyyətinə, tarixinə, ədəbiyyatına bələdlik və onu tam əks etdirmək baxımından peşəkar tərcüməçini əvəz edə bilməz: “Ona görə, bəlkə də, yeganə sahə ola bilər ki, süni texnologiyalar dilin qarşısında aciz qala bilər. Çünki onu canlandıran, ona ruh verən, bir qüvvə var, o da insan faktorudur”.
Sonda Sevinc Əliyeva gəncləri Azərbaycan dilində düzgün danışmağa və yazmağa, ana dilinin saflığını qorumağa çağıraraq bildirib ki, bu, hər bir azərbaycanlının ən ümdə vəzifəsi olmalıdır.