“AKKORD-AZƏRBAYCAN” KARATE-DO KOMANDASI DÜNYA ÇEMPİONATINDA UĞURLA ÇIXIŞ ETMİŞDİR
Bakı, 15 oktyabr (AZƏRTAC). Macarıstanın Eqer şəhərində məşhur yapon karate-do ustası Qiçin Funakoşinin şərəfinə dünya çempionatı keçirilmişdir. 55 ölkədən 100-dən artıq komandanın iştirak etdiyi çempionatda Azərbaycanı “Akkord” Şirkətlər Qrupunda çalışan idmançılardan ibarət “Akkord-Azərbaycan” və AKFA Qaradağ rayon “Neftçi” idman-sağlamlıq mərkəzinin komandaları təmsil etmişlər.
“Akkord-Azərbaycan” komandası yarışa 8 nəfərlik heyətlə qatılmışdır. Dördqat dünya çempionu, 4-cü dan qara kəmər sahibi Rafael Məmmədovun məşqçisi olduğu komandanın üzvləri bu çempionatda həm şəxsi, həm də komanda çıxışlarında böyük uğur əldə etmişlər. Kapitan Emil Xasıyev başda olmaqla, komandanın digər üzvləri - Rəşad Hüseynov, Famil Səfiyev, Vüsal İsrafilov, Məharət Musayev, Fuad Qəribov, gənc idmançı Nicat Əsgərov çempionatda hər kəsin xüsusi diqqətinə səbəb olan döyüş nümayiş etdirməklə layiqli mükafatlar və böyük tamaşaçı sevgisi qazanmışlar.
Finala doğru yolda ciddi hakim ədalətsizliyi ilə qarşılaşan komanda ümumi hesabda çempionatda 3-cü yeri qazanmağa nail olmuşdur. “Akkord-Azərbaycan” komandasının haqlı etirazını digər ölkələrdən olan nümayəndələr də dəstəkləmiş və nəticədə Azərbaycan idmançılarına qarşı haqsızlıq edən yarışın baş hakimi vəzifəsindən kənarlaşdırılmışdır.
Komandanın gənc üzvü Nicat Əsgərov şəxsi kumite yarışında bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmış və “Akkord-Azərbaycan”a bu çempionatın qızıl medalını qazandırmışdır.
Veteran idmançılar arasında keçirilən yarışda məşqçi Rəfael Məmmədov bu kateqoriyada 3-cü yeri tutmuşdur.
Komandanın üzvü Vüsal İsrafilov şəxsi yarışlarda bürünc medal qazanmışdır. Ümumi komanda hesabında daha 7 bürünc medal qazanan “Akkord-Azərbaycan” Vətənə 1 qızıl və 9 bürünc medalla dönmüşdür.
Çempionatda iştirak edən AKFA “Neftçi” komandası da bu yarışda “Akkord-Azərbaycan”la birlikdə 3-cü yerə layiq görülmüşdür.
######
![]() |
![]() |

