Aktauda 20 Yanvar faciəsinin ildönümü qeyd olunmuşdur
Aktau, 19 yanvar (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğu və Azərbaycan Gənclərinin Beynəlxalq Forumu - ASAİF-in Qazaxıstan üzrə nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar birgə mərasim keçirmişlər.
Tədbirdə Məngistay vilayətinin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, orta məktəb şagirdləri, valideynlər iştirak etmişlər.
Mərasim iştirakçıları 20 Yanvar faciəsini nümayiş etdirən fotostend və kitablardan ibarət sərgi ilə tanış olmuşlar.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında ətraflı məlumat vermiş, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin qəhrəmanlığı, onların şəhidlik zirvəsinə ucalması haqqında söhbət açmışdır.
Baş konsul bildirmişdir ki, həlak olanların arasında kiçik yaşlı uşaqlar, qadınlar və qocalar da olmuşdur. Sürəyya Babayeva mətbəxdə xörək hazırlayarkən, Vera Bessantina evdə divanda oturduğu yerdə, Azad Mirzəyev pəncərənin qarşısında gülləyə tuş gəlmişdir.
Sonra 20 Yanvar faciəsi ilə bağlı azərbaycanlı tələbə və gənclər arasında vətənpərvərlik mövzusunda baş konsulluq tərəfindən keçirilmiş inşa yazı müsabiqəsinin yekunları elan edilmişdir. Aktau şəhərindəki 1 və 5 nömrəli məktəblərin 11-ci sinif şagirdləri Aidə Əliyeva, Elşən Mehdiyev, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbəsi Firuzə Nəsibova inşa yazı müsabiqəsində qalib gəlmişlər.
Qaliblər çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəsinin şərəfli səhifələrindən biri olduğunu qeyd etmişlər.
Tədbirin sonunda Qanlı Yanvar hadisələri ilə bağlı film nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau