Aktaudakı Azərbaycan icması Xəzərdə baş verən faciəyə biganə qalmayıb
Astana, 25 sentyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, sentyabrın 24-də Xəzər dənizi sahilində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimi zamanı faciə baş verib. Hava şəraitinin kəskin pisləşməsi və artan külək səbəbindən 17 hərbçi dənizə düşüb. Onlardan 14-ü həlak olub, 3-ü isə xilas edilib.
Aktaudakı Azərbaycan icmasının nümayəndələri hadisədən xəbər tutaraq hərbçilərə, xilasedicilərə və digər iştirakçılara dəstək olmaq üçün axtarış-xilasetmə məntəqəsinə gəliblər. Onlar məntəqəyə ərzaq və içməli su çatdırıblar.
“Dostluq” Azərbaycan Etnomədəniyyət Assosiasiyasının sədri Şəmsəddin Hüseynovun AZƏRTAC-a verdiyi məlumata görə, yardım göstərmək qərarı faciə barədə məlumat aldıqdan dərhal sonra verilib.
O əlavə edib: “Mən Azərbaycan icmamıza müraciətimdə hər kəsdən səfərbər olmağı xahiş etdim. Yarım saat ərzində insanlar cavab verdilər. Mən də restoranımdan ərzaq yığdım və onu maşınlara yükləyib hadisə yerinə göndərdik. Qazax və Azərbaycan xalqları qardaşdır. Belə çətin bir vaxtda kömək əli uzatmağı və birlikdə olmağı özümüzə borc bildik”.
Azərbaycan diasporunun nümayəndəsi Elmir Şahsuvarov isə bildirib ki, axtarış-xilasetmə əməliyyatına eyni vaxtda təxminən 40-50 azərbaycanlı yola düşüb. Daha sonra digər icma üzvləri də yardım səylərinə qoşulublar.
“Biz bir araya gəldik, su, yemək və lazım olan hər şeyi götürdük və oraya getdik. Orada çoxlu insan var idi - hərbçilər, xilasedicilər, yanğınsöndürənlər və tibb işçiləri. Bir neçə saat məntəqədə qaldıq və lazım olan hər hansı yardımı göstərməyə hazır idik”, - deyə o bildirib.
Elmir Şahsuvarovun sözlərinə görə, azərbaycanlılar bu çətin anlarda qazax xalqına dəstək olmağı öz vəzifələri hesab edirlər. “Biz qardaş xalqlarıq. Qazax qardaşlarımız həmişə çətin anlarda bizimlə olub və dəstək veriblər. Buna görə də kənarda qala bilməzdik”, - deyə o qeyd edib.
Hərbçilərin ölümü ilə əlaqədar olaraq sentyabrın 25-i Qazaxıstanda milli matəm günü elan edilib.