Aktiv antimikrob preparatlar qidanı qorumaqla yanaşı polimerin biodeqradasiya sürətini azalda bilər – tədqiqat
Bakı, 5 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya əməkdaşları - kimya elmləri doktoru Nizami Zeynalovun, doktorant Aynurə Rzayevanın, fransalı alimlərlə həmmüəllifi olduqları “Qida məhsullarının qablaşdırılmasının həyat tsiklinin əsas mərhələlərinə ən son bioloji nailiyyətlərin inteqrasiyası” adlı məqalə yeni elmi araşdırmalardan bəhs edir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqalədə təhlükəsiz və səmərəli multi “bio” qida qablaşdırılmasının dizaynının axtarışı araşdırılır. Belə ki, qida qablaşdırmasının istehsal, istifadə, istifadədən sonrakı və uzunmüddətli statusa malik olan əsas mərhələlərini yaxşılaşdırmaq üçün bioloji sahədə ən son elmi və texnoloji nailiyyətlərin inteqrasiya potensialına diqqət yetirilir. Əksər hallarda təbii şəraitdə bioloji parçalanan, təkrar istifadə oluna bilən və nəhayət davamlı plastik kütlələrin ətraf mühitə mənfi təsirini əhəmiyyətli dərəcədə azaltmaq qabiliyyəti göstərən, bu cür multibioloji qida qablaşdırmasının tematik tədqiqi təqdim edilir. Bu, qida itkisini və tullantıları azaltmaq üçün onun istifadəsini artırmaqla bioaktiv komponentlərlə aktivləşdirilmiş, qeyri-ərzaq mənbələrdən mikrobioloji yolla istehsal olunan PHA (polihidroksialkanoatlar) polimerlər əsasında nümayiş etdirilır. Araşdırmalar göstərir ki, aktiv antimikrob preparatlar qidanın qorunmasına kömək etməklə yanaşı, polimerin maksimal biodeqradasiya sürətini azalda bilər.
Məqalə PubMed, PubMed Central (PMC), Scopus, Google Scholar, DOAJ, CrossRef nüfuzlu Beynəlxalq bazalara daxil olan Q1 kvartilli (İmpakt Faktoru 6,59) “Frontiers in Nutrition” jurnalında dərc olunub.