ELM VƏ TƏHSİL
“Al bu işığı, sənə verirəm...”
Zaqatalada akademik Zərifə xanım Əliyevanın xatirəsi bu deviz altında anılmışdır
Zaqatala, 28 aprel (AZƏRTAC). Zaqatala şəhərindəki akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə görkəmli oftalmoloq alimin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “Al bu işığı, sənə verirəm...” adlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə foyedə lisey şagirdlərinin akademik Zərifə Əliyevaya və ümummilli liderimiz Heydər Əliyevə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxmışlar.
Tədbirin əvvəlində görkəmli oftalmoloq alim və ulu öndərə həsr olunmuş “Əsl məhəbbət” filmi nümayiş etdirilmişdir.
Çıxış edənlər akademik Zərifə Əliyevanın mənalı həyat yolu və yorulmaz fəaliyyəti barədə geniş məlumat vermişlər. Bildirilmişdir ki, dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur işıq saçan Zərifə xanım Əliyeva fitri istedada malik alim, ulu Tanrının xalqımıza bəxş etdiyi heyrətamiz dərəcədə pak və nadir insan idi. Onun mənalı ömrü, keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Vətən övladı, Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Qeyd olunmuşdur ki, Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim oftalmologiyanın aktual mövzularına aid çoxprofilli tədqiqatlar aparmış, onlarla dəyərli elmi-tədqiqat işləri yazmışdır. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə Əliyeva özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə həsr etmişdir.
Bildirilmişdir ki, işıqlı bir həyat yaşayan Zərifə xanım görkəmli oftalmoloq alim, qayğıkeş həkim, eyni zamanda, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür. Zərifə Əliyeva Azərbaycan xanımlarının ən gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı kimi daim xatirələrdə qalacaqdır.
Sonra görkəmli alimin anadan olmasının 89-cu ildönümü münasibətilə liseydə keçirilmiş bilik yarışı və müsabiqələrin qaliblərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbir iştirakçılarına liseyin fəaliyyətini əks etdirən bukletlər paylanmışdır.
Məktəblilərin ifasında şeirlər səslənmiş, mahnılar oxunmuş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.