ALİ MƏKTƏBLƏRƏ I İXTİSAS QRUPU ÜZRƏ QƏBUL İMTAHANI KEÇİRİLMİŞDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 8-də 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinə I ixtisas qrupu və orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinin müvafiq ixtisas qrupu üzrə qəbul imtahanı keçirmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, bu il I ixtisas qrupu üzrə nəzərdə tutulan 8 min 125 yerə 36 min 946 abituriyent ərizə təqdim etmişdir. Onların 33 min 558 nəfəri Azərbaycan bölməsinin, 3 min 388 nəfəri isə rus bölməsinin məzunlarıdır.
Qəbul imtahanı Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçirilmişdir.
İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaqdır. Müsabiqəyə I ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq vaxtda elektron ərizələrinə daxil olub, orta ixtisas məktəblərinin ixtisaslarını seçə bilərlər. Həmin ixtisasların siyahısı “Abituriyent” jurnalında dərc olunacaqdır.