Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib
İstanbul, 12 iyun, AZƏRTAC
Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi bərpa və yenidənqurma işlərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi rəsmi mərasimlə yenidən istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, məbədin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Ədirnənin əsrlər boyu ölkəsinin Balkanlara açılan qapısı, fəthlərin qərargahı, elmin, incəsənətin və memarlığın mərkəzi olduğunu bildirib.
Restavrasiya işləri ilə bağlı danışan ölkə başçısı deyib: “Tikiliyə zərər verən köhnə sementəsaslı tətbiqlər təmizlənərkən, əsas günbəzdə, minarələrdə və bütün daşıyıcı sistemlərdə möhkəmləndirmə işləri aparıldı. Baş qapıdan müəzzin platformasınadək, necə deyərlər, toxunulmamış, bərpa edilməmiş, təmizlənməmiş və möhkəmləndirilməmiş bir nöqtə belə qoymadıq. Balkan müharibələri zamanı bolqar qüvvələrinin atəşi nəticəsində top mərmisinin dəyərək məscidin fasadında iz buraxdığı hissəyə isə xüsusilə toxunmadıq. Bu torpaqlarda apardığımız çətin mübarizələrin canlı şahidi kimi həmin izi olduğu kimi qoruyub saxladıq”.
Səlimiyəyə daha 100 il qazandırıldığına inamını ifadə edən ölkə başçısı şəhərin digər bir rəmzi olan tarixi Ədirnə sarayı və onun bağlarını da yenidən canlandıracaqlarını, bu tikilinin 2027-ci ilin sonlarına doğru açılışını edəcəklərini bildirib.
“Bizim yalnız bir hədəfimiz var, o da Türkiyə əsrinin inşasıdır”, - deyə Prezident Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Səlimiyə camisi Osmanlı sultanı II Səlim dövründə memar Sinanın 80 yaşında inşa etdiyi və “ustalıq əsərim” adlandırdığı tarixi abidədir. 1568-1574-ci illər arasında tikilən məbəd həm memar Sinanın, həm də Osmanlı memarlığının ən mühüm tarixi abidələri sırasında yer alır.