ALİMLƏRİN PROQNOZLARINA GÖRƏ, DÜNYA OKEANININ SƏVİYYƏSİ 1,5 METR QALXACAQDIR
AZƏRTAC xəbər verir ki, BMT yanında iqlim dəyişiklikləri üzrə hökumətlərarası komissiya nümayəndələrinin fikrincə, 21-ci əsrin sonlarınadək dünya okeanının səviyyəsi təxminən 1,5 metr qalxacaq, bu da bir il əvvəl edilmiş proqnozlardan xeyli çoxdur.
Alimlər deyirlər ki, bu, sahilyanı regionlar, habelə dünya okeanı səviyyəsindən aşağıda yerləşən ölkələr üçün əsl faciəyə səbəb olacaqdır. Bu məlumatlar Vyanada keçirilən elmi konfransda səslənmişdir.
Hökumətlərarası komissiyanın ekspertləri dünya ökeanı səviyyəsinin belə sürətlə qalxmasının səbəbini hələ aydınlaşdıra bilməmişlər. Belə ki, buzlaqların əriməsi düşünüldüyündən daha mürəkkəb prosesdir.
Finlandiya və Böyük Britaniya alimlərinin apardıqları son tədqiqatların nəticələrinə görə, son 2000 ildə iqlim okeanların səviyyəsinə həlledici təsir göstərmişdir.
Britaniyanın Liverpul şəhərindəki okeanoqrafiya laboratoriyasının əməkdaşı Svetlana Cevredceva demişdir: “Ötən 2000 ildə dünya okeanının səviyyəsi demək olar ki, sabit qalaraq, təxminən 20 santimetr artmışdır. Lakin yüzilliyin sonunadək bu səviyyə 0,8-1,5 faiz artacaqdır. Suyun səviyyəsinin qalxmasına isə qütblərdə buzlaqların əriməsi səbəb olmuşdur”.