Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
Ankara, 11 iyun, AZƏRTAC
Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin İstanbulda keçirilən 10-cu üçtərəfli görüşünün yekununa dair qəbul edilən Bəyannamə müştərək strateji yanaşmaları müəyyən edən və üç ölkənin regional sabitlik, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və nəqliyyat bağlantısı kimi məsələlərə dair ortaq vizyonunu əks etdirən mühüm siyasi çərçivə sənədidir.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə türkiyəli beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu bildirib.
Ekspert qeyd edib ki, İstanbul Bəyannaməsi yalnız xarici siyasət və diplomatiya ilə məhdudlaşmır. O vurğulayıb: “İyununu 8-də qəbul edilən Bəyannamə siyasi qarşılıqlı əlaqə, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat, ticarət, regional sabitlik və təhlükəsizlik də daxil olmaqla bir çox sahələri əhatə edir. Bütün bunlar Ankara, Bakı və Tbilisi arasındakı münasibətlərin təkcə ikitərəfli və ya üçtərəfli diplomatik əlaqələr prizmasından deyil, həm də çoxvektorlu strateji tərəfdaşlığın nümunəsi kimi vacib olduğunu göstərir”.
Onun sözlərinə görə, həmin sənədin ən vacib aspektlərindən biri regional aktorların rolu və məsuliyyətinə vurğudur. “İstanbul Bəyannaməsi region ölkələrinin regional məsələlərin həlli üçün məsuliyyət daşımalı və daşımağa hazır olduqları anlayışını vurğulayır”, - deyə o bildirib. Ekspert xarici işlər nazirlərinin görüşünün nəticələrini “son illərdə Türkiyə, Azərbaycan və Gürcüstan arasında güclü strateji koordinasiyanın əksi” adlandırıb.
Türkiyəli ekspert, həmçinin tərəflərin iqtisadi əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu Bəyannamənin vacib aspekti kimi qeyd edib. “Müasir dünyada dövlətlərin təsiri təkcə hərbi güclə deyil, həm də qlobal ticarət yollarında rolu ilə ölçülür. Buna görə də iqtisadi əlaqə və nəqliyyat layihələrinə vurğu edilməsi həmişəkindən daha vacibdir”, - deyə o qeyd edib.
Özçubukçu bu kontekstdə Orta Dəhlizin bütün Avrasiyanın iqtisadi xəritəsini dəyişdirə biləcək bir təşəbbüs kimi əhəmiyyətini vurğulayıb. “Çindən Avropaya qədər uzanan ticarət şəbəkələrinin şaxələndirilməsi dövründə Türkiyə, Azərbaycan və Gürcüstan bu marşrutun əsas sütununu təşkil edir. Bəyannamədə Orta Dəhlizə vurğu edilməsi göstərir ki, üç ölkə yalnız mövcud layihələri qorumağa və inkişaf etdirməyə deyil, həm də qlobal ticarət münasibətləri sistemində mərkəzi yer tutmağa çalışır”, - deyə o fikirlərini izah edib.
Ekspert enerji təhlükəsizliyini İstanbul Bəyannaməsinin digər bir “sütunu” kimi qiymətləndirib: “Avropa enerji təchizatını şaxələndirmək səylərini davam etdirdikcə, Azərbaycan təbii qazı strateji əhəmiyyətini qoruyub saxlayır, Türkiyə və Gürcüstan isə enerji tranziti üçün həlledici əhəmiyyətə malik ölkələr kimi seçilir. Bu baxımdan, enerji sektorunda əməkdaşlığa diqqət yetirmək təkcə regional deyil, həm də qlobal enerji təhlükəsizliyi üçün mesaj göndərir”.
Nəhayət, ekspert qeyd edib ki, İstanbul Bəyannaməsi məcburi sənəd olmasa da, onun mətni ölkələrin ortaq iradəsini nümayiş etdirən siyasi yol xəritəsi kimi əhəmiyyətlidir. “Bütövlükdə, İstanbul Bəyannaməsi qarşıdakı illərdə Cənubi Qafqazın iqtisadi və strateji transformasiyasını asanlaşdıran vacib sənəd kimi qəbul edilməlidir”, - deyə Özçubukçu fikirlərini yekunlaşdırıb.