ALMANİYA-AZƏRBAYCAN İQTİSADİ FORUMU KEÇİRİLMİŞDİR
İyulun 9-da “Həyat Recensi-Naxçıvan” mehmanxanasında Almaniya-Azərbaycan iqtisadi forumu keçirilmişdir. Almaniyanın 50-yə qədər şirkətinin nümayəndəsi, Azərbaycan sənayesinin müxtəlif səhələrini təmsil edən mütəxəssislər, müəssisə rəhbərləri qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş müzakirələr aparmışlar.
Tədbiri Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Klaus Qrevlix açaraq, iki ölkə arasında iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edən əməkdaşlığın inkişafından danışdı. O, öz ölkəsinin Azərbaycana daim dəstək verdiyini vurğuladı.
Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev isə ötən ilin sonlarında və bu ilin mart ayında Azərbaycan nümayəndə heyətinin Almaniyaya işgüzar səfərinin müsbət nəticə verdiyini söylədi. O, həmçinin Almaniyanın Azərbaycana texniki və maliyyə yardımından danışaraq, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafında Qərbin, habelə Almaniyanın xüsusi rolunu vurğuladı, birgə müəssisələrin yaradılmasına və texnologiyaların Azərbaycana gətirilməsinə dövlətimizin zəmanət verdiyini nəzərə çarpdırdı.
Nümayəndə heyətinin başçısı, dövlət katibi Aksel Gerlax geniş potensial imkanlara malik olan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da sıxlaşdırılmasına Almaniyanın böyük maraq göstərdiyini bildirdi. O, bundan sonra da müştərək fəaliyyət göstərməyin hər iki ölkəyə fayda gətirəcəyinə ümidvar olduğunu söylədi.
Sonra Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin nümayəndələri öz layihələri barədə forum iştirakçılarına məlumat verdilər. Forumda gələcək birgə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.