ALMANİYA BANKI AZƏRBAYCANIN ENERGETİKA LAYİHƏLƏRİNƏ KREDİT AYIRMAĞA MARAQ GÖSTƏRİR
SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Azərenerji” və Almaniya bankı ekspertlərinin görüşündə qeyd olunmuşdur ki, respublikada iqtisadiyyat və onun elektroenergetika sektoru yüksək sürətlə inkişaf edir. Sahədə islahatların yeni proqramı və müasir menecment üsullarının tətbiqi onun istehsal və maliyyə vəziyyətini kökündən dəyişməyə imkan vermişdir.
KFW bankının perspektivli layihələrdə iştirak etməyə iddiaçı olmağa bütün əsasları vardır. Hər hansı beynəlxalq maliyyə təsisatının böyük məbləğdə kredit ayıra bilməsi üçün kredit alanın borcları ödəmə qabiliyyəti başlıca şərtdir. Almaniya bankı ekspertlərinin və rəhbərlərinin fikrincə, “Azərenerji” SC bütün deyilənlərlə yanaşı, həm də müsbət əmsallara malikdir və yeni kreditlərə ümid edə bilər.
Danışıqlarda əməkdaşlığın formaları ətraflı müzakirə olunmuş və qarışıq kredit - güzəştli və kommersiya kreditləri ayırmaq barədə qərar qəbul edilmişdir. Almaniya bankının nümayəndə heyəti şərtləri razılaşdırmaq üçün bu ilin payızında Bakıya gələcəkdir.